Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Xaliq Əzizzadənin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilib

27 avqust 2019 | 11:00

Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə torpaqlarımızın azadlığı uğrunda aprel döyüşlərində şəhid olmuş Xaliq Əzizzadənin xatirəsinə həsr edilmiş mini-futbol turniri keçirilmişdir. Turnirin oyunları “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan Xətai rayonunun Zığ yolu, 9 ünvanında yerləşən futbol meydançasında keçirilmişdir.  Turnirin nəticələrinə görə “Turan” komandası I yeri, “Araz” komandası II yeri, “Xəzər” komandası isə III yeri tutmuşdur.

Çıxış edən şəhid Xaliq Əzizzadənin atası Həsən Qasımov tədbir təşkilatçılarına təşəkkürünü bildirdi və Xaliqin həyatı haqqında məlumat verdi. Şəhidin atası bildirdi ki, Xaliq Əzizzadə 1996-cı ilin avqust ayında Şərur rayonunda anadan olub, Xətai rayonu 116 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. Əsgər Xaliq Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Xaliq Əzizzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.
Daha sonra çıxış edənlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçi Salman Əbdülov, Xətai rayonu Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, şəhid Mahir Quliyevin atası Qadir Quliyev, şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı qeyd etdilər ki, aprel döyüşlərində zabit və əsgərlərimiz böyük hünər və igidlik göstərmişlər. Onlar orduda xidmət edən əsgərlərin, borcunu yerinə yetirən gənclərimizin xalqımız, cəmiyyətimiz üçün dəyərli olduqlarını vurğuladılar. Həyatını bu şərəfli peşəyə - ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
Çıxışlardan sonra turnirin qalibləri və fərqlənmiş iştirakçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələr ilə təltif olunmuşlar.

Keçidlər